Oxucuları Beynəlxalq Oxu Günü münasibəti ilə təbrik edirik!

https://qht.az/details/az/31104

25 aprel – Beynəlxalq Oxu Günüdür. QHT.az oxumağın təhsildə və insanın həyatında rolu, dünyada oxumaq və kitablara dəyər vermək, oxumağın mədəniyyətə, insanların düşünmə qabiliyyətinə və ictimaiyyətə təsiri, oxumağı təşvik etmək və oxumağı dəstəkləmək üçün hansı tədbirlər və layihələrin mümkünlüyü haqqında QHT sədrlərinin fikirlərini alıb.  

“Balans” İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Möhübbəli Nağıyev bildirib ki, kitab oxumaq insan həyatında başlıca yer tutur, mütaliə etmək sadəcə vaxt keçirmək deyil, insanı kamilləşdirən, həmçinin özünü tanımaq, dünya görüşünü artırmaq, yaşadığı həyatı daha yaxşı dərk etmək üçün çox vacib vasitələrdən biridir: “Kitablar hər bir oxucu üçün yeni bir dünya açır, fərqli düşünməyə və həyatını düzgün qiymətləndirməyə kömək edir. Kitabları bir neçə qrupa (dərs, bədii, elmi və s… kitablara) bölsək də, hər birinin özünə məxsus yeri var. Dərs kitablarının uşaqların gələcəıyinin formalaşdırılmasına, elmi-texniki kitabların elmin və tərəqqinin inkişafına müsbət təsiri olduğu kimi, bədii kitabların da, qəzet və jurnalların da insanın nitq qabiliyyətinin artırılmasına, düşdüyü mühitdə özünü aparmasına və ən nəhayət cəmiyyətə yararlı və kamil bir insan kimi formalaşmasına çox böyük təsir edir”.

Möhübbəli Nağıyev həmçinin bildirib ki, bu bacarıqları isə insanlar oxumaqla əldə edə bilirlər. Onun sözlərinə görə, son zamanlar, insanlarda kitab oxumağa istək azalıb, İKT-nin inkişafı ilə onlar daha çox internet üzərində xəbərlərlə tanış olur və elektron kitabları mütaliə edirlər və ya televiziyalardan özləri üçün zəruri və maraqlarına uyğun məlumatlar alırlar: “Bu vasitələr insanların kitab, qəzet və jurnalları oxumaqla əldə etdikləri effekti və bacarıqları təmin etmir. 2013-2016-cı illərdə Azərbaycan Gənclər Fondunun maliyyə və “Balans” İMİB-nin texniki dəstəyi ilə Şəkidə və Qəbələdə gənc filoloq Aynur Nağıyevanın rəhbərliyi ilə “Gənclər və Kitab” proqramı çərçivəsində “Gənclərin kitaba olan marağının artırılması”, “Gənc Kitab  sevərlər Klubunun təşkili”, “Gənc Kitab sevərlər Klubu üzvlərinin region gəncləri ilə görüşü” və “Gənclərin intellektual bacarıqlarının artırılması” adlı layihələr həyata keçirildi. Tədbirlərə çox sayda gənclər, şair və yazıçılar, elm və mədəniyyət nümayəndələri dəvət olunmuşdular, və tədbirlərdə şair və yazıçılar öz yeni kitablarının və əsərlərinin təqdimatını keçirdilər. Gənclərə öz tövsiyələrini və məsləhətlərini verdilər. Bu layihələr 100-lərlə gəncləri kitab oxumağa və mütaliə etməyə sövq etdi. Bu gün də, insanların mütaliə etməsi üçün belə maarifləndirici tədbirlərin həyata keçirilməsinə çox böyük ehtiyac var. Bununla qeyd etmək istəyirəm ki, oxumaq və daim mütaliə etmək, insanı kamilləşdirir, onun savadlı, dünya görüşlü və intellektual insan kimi yetişməsinə çox müsbət təsir göstərir”.

Sonda QHT sədri 25 Aprel OXU günü münasibəti ilə bütün oxucuları təbrik edib.

Pərvanə Fərhadqızı

“Regionların iqtisadi inkişafında mühüm yer tutan sahələrin inkişafı istiqamətində fəaliyyət göstərəcəyik” – AÇIQLAMA

“Təşkilatımızın strateji planına uyğun olaraq növbəti illərdə də regionların, ümumilikdə ölkəmizin iqtisadi inkişafı naminə layihələr icra etməyi planlaşdırmışıq”.

Bu fikri təşkilatın gələcək aylar və illər üçün planlaşdırılmış tədbirləri, istiqamətləri və məqsədləri haqqında QHT.az-a açıqlama verən “Balans” İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Möhübbəli Nağıyev bildirib. QHT sədri regionlarda fəaliyyət göstərən mikro və kiçik sahibkarlarla, fermerlərlə, eləcə də, sahibkarlığa marağı olan insanlarla, gənclərlə və qadınlarla, potensial bacarıqlı iqtisadçılarla maarifləndirmə işləri aparacağını da qeyd edib: “Regionların iqtisadi inkişafında mühüm yer tutan qeyri-neft sektorunun, əsasən də turizmin, sənətkarlığın, kənd təsərrüfatı sahələrinin inkişafı istiqamətində fəaliyyət göstərəcəyik”.

Qeyd edək ki, təşkilatın həyata keçirdiyi bütün layihə və fəaliyyətlərdə əsas hədəf cəmiyyətdə baş verən hadisələrə qanunvericilik çərçivəsində münasibət göstərmək, dövlətin siyasətini daim dəstəkləmək, regionların iqtisadi inkişafında tapşırılan işləri yerinə yetirməkdir. QHT-nin təqdim etdiyi bütün təkliflər və ideya müraciətləri sosial-iqtisadi inkişafla bağlıdır. İctimai Birliyin regionların iqtisadi-sosial inkişafı üçün fəaliyyətləri davam edir.

https://qht.az/details/az/29343

Pərvanə Fərhadqızı

“2023-cü il təşkilatımız üçün uğurlu il oldu” – QHT sədrindən AÇIQLAMA

“2023-cü il təşkilatımız üçün uğurlu il oldu” –QHT sədrindən AÇIQLAMA

“Əvvəlki 3 ilin nəticələrinə diqqət etsək, deyə bilərəm ki, Birliyin 5 illik strateji planına uyğun olaraq 2021-ci ildə turizm sektorunun post pandemiya dövründə ki fəaliyyəti bizim təşkilatımızın işçi qrupu tərəfindən araşdırıldı, 4 ay boyunca regionda bu sektorla məşğul olan bütün sahibkarlıq subyektlərinin vəziyyəti təhlil olundu, ictimai dinləmə keçirildi və nəticələr haqqında hazırlanmış təkliflər paketi müvafiq orqanlara təqdim olundu”.

Bu fikirləri “Balans” İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Möhübbəli Nağıyev QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, 2022-ci ildə Şəkidə yaşayan və fəaliyyət göstərən qadın sahibkarları təşkilati, hüquqi və iqtisadi mövzularda maarifləndirildilər, nəticədə, 9 yeni biznes subyekti üçün layihələr tərtib olundu və 6 biznes subyekti üçün biznes inkişaf planları hazırlandı: “Bildiyimiz kimi, artıq 2023-cü il başa çatdı. Həmin il bizim təşkilatımız üçün uğurlu illərdən oldu. Belə ki, 2023-cü ildə  region gəncləri və yeniyetmələr üçün peşə təhsili və məşğulluqla bağlı təlimlər təşkil etdik. Təlimlərə yerli dövlət qurumlarından nümayəndələr dəvət etdik. Gənclərin müxtəlif iş adamları ilə görüşləri təşkil olundu. 12 nəfər gənclərin işlə təmin olunması üçün Şəki-Balakən Regional Məşğulluq İdarəsinə müraciət olundu. Həmçinin bu illər ərzində Birliyin nəzdində fəaliyyət göstərən Biznes Konsalting Mərkəzində 74 nəfər mikro və kiçik sahibkarların sənədləri hazırlanıb, vergi, sığorta və bank münasibətləri ilə bağlı tövsiyələr verilib, rastlaşdıqları çətinliklərin həllində onlara dəstək göstərilib”.

Qeyd edək ki, “Balans” İqtisadi Maarifləndirmə İctimai Birliyi, adından da bəlli olduğu kimi ölkə səviyyəsində iqtisadi sahədə fəaliyyət göstərən Qeyri Hökumət Təşkilatıdır. Birliyin Nizamnaməsinə uyğun olaraq, məqsədi ölkə miqyasında iqtisadi problemləri öyrənməkdən, inkişafa dair təkliflər hazırlamaq, qeyri-neft sektorunun inkişafına dəstək verən layihələr hazırlamaq və icra etməkdən, mövcud iqtisadi prosesləri təhlil etmək və elmi-tədqiqat işləri aparmaqdan, qadınları, gəncləri və digər həssas qruplardan olan insanları sahibkarlıq, sənətkarlıq və peşə hazırlığı sahələri üzrə maarifləndirməkdən, regionlara xas olan turizmin, kənd təsərrüfatının və sənətkarlığın inkişafına yönəldilən tədbirləri həyata keçirməkdən ibarətdir.

Pərvanə Fərhadqızı

Agentliyin dəstəklədiyi layihə üzrə təlimlər uğurla başa çatdı

6 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikasının Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Balans” İqtisadi Maarifləndirmə İctimai Birliyinin həyata keçirdiyi “Gənclərin özünü məşğulluq və sahibkarlıq bacarıqları” layihəsi çərçivəsində nəzərdə tutulan 6-ci, sonuncu təlim də uğurla başa çatdı. “Balans” İqtisadi Maarifləndirmə İctimai Birliyin sədri və layihənin rəhbəri Möhübbəli Nağıyevin sözlərinə görə, qeyd olunan layihəyə 17 nəfər yeniyetmə və gənclər cəlb olunmalı idi. Həm layihəyə və həm də iqtisadi mövzuları özündə əks etdirən təlimlərə daha çox ehtiyac olduğundan müraciət edən gənclərin sayı da çox idi. Ona görə, layihəyə 20 nəfər gəncləri cəlb etdik. İlk 3 gün təlimlər nəzəri biliklərin aşılanması ilə keçdi.

Gənclər həmin təlimlərdə “Liderlik”, “Karyera”, “Komandanın gücü”, Özünü məşğulluq  bacarıqları”, “Sahibkarlıq subyektlərinin qeydiyyatı və inkişafı”, “Vergi və sığorta münasibətləri”, “Bank və kredit münasibətləri”, “Bazar araşdırması və rəqiblərin təhlili”, “Marketinq və Reklam” mövzularında hazırlanmış  təqdimatlarla bilik və bacarıqlarını artırdılar. Növbəti 3 günlük təlimlərdə isə gənclər, “Yeni biznes ideyaların formalaşması”, Biznes plan və layihələrin yazılması” və Maliyyənin idarə olunması və biznesin maliyyə planı-Büdcə” mövzularında praktiki və beynəlxalq təcrübələrə əsaslanan təqdimatlarla bilik və bacarıqlar əldə etdilər.

Layihə üzrə təlimçi Adilə Məmmədova qht.az saytına verdiyi müsahibədə qeyd etdi ki, həqiqətən nəinki, bizim regionda, Azərbaycanın bütün regionlarında yeniyetmə və gənclər üçün belə layihə və iqtisadi mövzularla zəngin təlimlərə çox böyük ehtiyac var. Düzdür, bu layihə çərçivəsində üzərimizə çox böyük yük düşürdü. Belə ki, qısa müddət ərzində təşkilati, hüquqi və iqtisadi sahələri özündə əks etdirən 14-15 mövzuda təqdimatlarla 6 gün ərzində gəncləri tanış etmək, bu sahədə onların bilik və bacarıqlarını artırmaq çox çətin idi. Çox sevinirəm ki, biz, layihə rəhbəri M. Nağıyevlə birgə bu şərəfli və məsuliyyətli işin öhdəsindən layiqincə gəldik.  Gənclərin də arzusunu nəzərə alaraq və bir təlimçi olaraq Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinə təklif edirəm ki, belə ağır və vacib mövzularda təlim/günlərin sayını artırsınlar. Belə mövzularda hər bir mövzu üçün 2 gün vaxt daha səmərəli və effektiv olar. Təlimçi daha sonra qeyd etdi ki, təlimlər çox maraqlı, interaktiv və məhsuldar təşkil olunmuşdu. İştirakçılar qiymətləndirmə vərəqələrində öz arzu və təkliflərini qeyd etdilər. Təlimlərin son günü iştirakçılara sertifikatlar təqdim olundu. Qeyd edək ki, təlimlər başa çatsa da, layihə öz fəaliyyətini davam edir, işçi qrup və təlimçi sosial şəbəkələrdə yaradılmış qruplarda mövzularla bağlı fikirlərini bölüşürlər.

İctimaiyyətlə Əlaqələr Departamenti

Agentliyinin dəstəyi ilə  gənclər özünü məşğulluq bacarıqlarını artıracaqlar.

01.07.2022-ci il tarixdən Azərbaycan Respublikasının Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Balans” İqtisadi Maarifləndirmə İctimai Birliyi “Gənclərin özünü məşğulluq və sahibkarlıq bacarıqları” layihəsinin icrasına başladı. “Balans” İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri və layihənin rəhbəri Möhübbəli Nağıyev  QHT.az-a verdiyi müsahibədə qeyd edib ki, 2021-2022-ci illər ərzində gənclər arasında apardığımız sorğuların nəticələri göstərdi ki, region gəncləri daha çox özünü məşğulluq və sahibkarlıq sahələri ilə maraqlanır. Ona görə də, 2023-cü ildə bu ideya ilə Agentliyə müraciət etdik. Artıq 2023-cü ilin iyul ayından layihənin icrasına başlamışıq, hazırda layihənin icra planına uyğun olaraq müvafiq sənədləşmə işləri həyata keçirilir. Həyata keçirdiyimiz layihənin əsas məqsədi Azərbaycan Respublikasının Şimal-Qərb bölgəsində (əsasən Şəki şəhərində) yaşayan və yuxarıda qeyd olunan sahələrlə maraqlanan 15-35 yaş yeniyetmə və gənclər üçün karyera, peşə bacarıqları, sahibkarlıq və sənətkarlıqla bağlı mövzularda təlimlərin təşkili, onların təcrübəli Biznes nümayəndələri, dövlət və ictimai təşkilatların nümayəndələri ilə, eləcə də sənətkarlarla görüşlərini təşkil etməkdən ibarətdir. Layihə, yeniyetmə və gənclərin özünü məşğulluq və sahibkarlıq bilik və bacarıqlarının artırılmasına və onların regionun iqtisadi inkişafında aktiv fəaliyyətə cəlb olunmasına istiqamətlənmişdir.

Qeyd olunan layihə çərçivəsində təşkil olunacaq təlimlərdə iştirakçılar həm nəzəri biliklərlə maarifləndiriləcək və həm də onlar üçün “Master Klas”-lar təşkil olunacaq. Təlim və görüşlərə uğurlu sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamları və sənətkarlar dəvət olunacaq ki, iştirakçılar daha çox təcrübi əhəmiyyətli bacarıqlar əldə etsinlər. Həmçinin, təlimlərə Dövlət Məşğullu Agentliyindən nümayəndələr dəvət olunacaq və onlar iştirakçılara özünü məşğulluqla bağlı öz məsləhətlərini verəcəklər. Əminəm ki, layihə çərçivəsində təşkil olunacaq tədbirlər yeniyetmə və gənclərin gələcək həyatına, özləri üçün yeni iş yeri yaratmalarına müsbət və effektiv təsir göstərəcəkdir. Qeyd edim ki, “Balans” İqtisadi Maarifləndirmə İctimai Birliyi 2006-cı ilin avqust ayında təsis edilmiş və 03 iyul 2007-ci ildə dövlət qeydiyyatından keçərək hüquqi şəxs statusu almışdır. Təşkilatın əsas fəaliyyət istiqaməti “Ölkədə yaşayan əhalinin və iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən iş adamlarının (sahibkarların, fermerlərin, sənətkarların), eləcə də, gənclərin, qadınların, əlillərin hüquqi, təşkilati və sosial-iqtisadi sahələrdə maarifləndirilməsindən və ümumilikdə Azərbaycan Respublikasının iqtisadi inkişafına dəstək olmaqdan ibarətdir. Layihə 2 ay müddətində davam edəcəkdir!

“Balans” İMİB-nin sədri və layihə rəhbəri,  

İctimaiyyətlə Əlaqələr Departamenti.

Qadın sahibkarlar üçün Agentliyin dəstəklədiyi layihə uğurla başa çatdı!

Azərbaycan Respublikasının Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Balans” İqtisadi Maarifləndirmə İctimai Birliyi tərəfindən “Şəkidə qadınların sahibkarlıq bacarıqlarının təkmilləşdirilməsi” layihəsi uğurla başa çatdı.  Bu barədə, “Balans” İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri və layihənin rəhbəri Möhübbəli Nağıyev  QHT.az-a verdiyi müsahibədə qeyd etdi. O, əlavə etdi ki, 2022-ci ilin sentyabr ayından icra edilən bu layihə fəaliyyət planına uyğun olaraq vaxtında və keyfiyyətlə başa çatdı. Layihə çərçivəsində 17 nəfər qadın sahibkarlar üçün 6 günlük nəzəri təlimlərin təşkili və 1 günlük səfər nəzərdə tutulurdu. Həyata keçirilən layihənin icra planına əsasən 19, 20, 21, 26, 27 və 28 sentyabr tarixlərində təşkilati-hüquqi və sosial-iqtisadi sahələri əhatə edən mövzularda təlimlər təşkil olundu və Şəki rayonunda yaşayan 18 nəfər qadınlar (qadın sahibkarlar) öz sahibkarlıq bilik və bacarıqlarını təkmilləşdirdilər. Layihədə nəzərdə tutulan təlimlərə 18 nəfər qadın sahibkar cəlb olundu. Təlimlər zamanı qadınların iştirakı ilə Xalq təsərrüfatının müxtəlif sahələri üçün 6 biznes plan tərtib olundu. Bundan başqa, ekspertlər tərəfindən iştirakçılara bir neçə kənd təsərrüfatı sahələri üçün də (fermer təsərrüfatlarında səmərəli fəaliyyətin təşkili mövzularında) zəruri olan məsləhətlər və tövsiyələr verildi.

Təlimlər müvəffəqiyyətlə başa çatdıqdan sonra layihənin fəaliyyət planına uyğun olaraq qadınlar Şəkidə yerləşən və qısa müddət ərzində yüksək uğurlara imza atmış “Bio Garden” MMC-nin təsərrüfat kompleksinə təşkil olunan səfərdə (təcrübə mübadiləsində) iştirak etdilər. Layihəyə cəlb olunmuş qadınların əksəriyyəti fermer idi və kənd təsərrüfatı sahəsində çalışırdılar. Ona görə də, əminik ki, bu səyahət onların istehsal etdikləri məhsulların bazarının tapılmasına, marketinq və reklamın təşkilinə, eləcə də sahibkarlıq fəaliyyətlərinin inkişafına da yüksək təsir göstərəcək.

Daha sonra, layihə rəhbəri qeyd etdi ki, layihənin iştirakçıları olan qadın sahibkarlara “Balans” İMİB-nin ofisində 2022-ci ilin 3-cü rübünün bəyənnamələrinin təqdimatında da köməklik göstərildi, onları maraqlandıran suallar cavablandırıldı. O, əlavə etdi ki, layihədə iştirak üçün Respublikanın müxtəlif (Bərdə, Masallı, Xaçmaz, Balakən və s…) bölgələrindən olan qadın sahibkarlardan da müraciətlər daxil olmuşdu. Lakin, bu layihə Şəki rayonunun qadın sahibkarları üçün nəzərdə tutulurdu. Bu da deməyə əsas verir ki, təşkilati-hüquqi və sosial-iqtisadi mövzularda həm nəzəri və həm də təcrübə xarakterli layihələrin Azərbaycanın bütün regionlarında təşkilinə çox böyük ehtiyac var. “Balans” İMİB ölkə ərazisində fəaliyyət göstərdiyindən, bu mövzularda maarifləndirici layihələrin istənilən regionda təşkili və keçirilməsi üçün texniki və fiziki imkanlara malikdir.

“Balans” İMİB-nin sədri və layihə rəhbəri,  

İctimaiyyətlə Əlaqələr Departamenti.

Layihədə nəzərdə tutulan tədbirlər uğurla başa çatdı!

Qadın sahibkarlar təcrübə mübadiləsi məqsədi ilə uğurlu biznes subyektində səfərdə oldular!

Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Balans” İqtisadi Maarifləndirmə İctimai Birliyinin həyata keçirdiyi “Şəkidə, qadınların sahibkarlıq bacarıqlarının təkmilləşdirilməsi” layihəsi çərçivəsində təşkil olunmuş 6 günlük silsilə təlimlərdə öz nəzəri bilik və bacarıqlarını təkmilləşdirən qadın sahibkarlar layihə rəhbəri və Birliyin sədri M. Nağıyevin rəhbərliyi ilə 2022-ci il Oktyabr ayının 2-də “Bio Garden” MMC-nin təsərrüfat sahələrində təcrübə mübadiləsində iştirak etdilər!

Səyahət zamanı layihə iştirakçıları “Bio Garden” MMC-nin fəaliyyəti ilə, eləcə də MMC-nin direktoru, sahibkar Etibar Nuriyevin 16 illik təcrübəsi ilə yaradılan şəraitlə, görülən işlərlə və onun gələcək planları ilə yaxından tanış oldular.

3 saatdan çox davam edən səyahət zamanı iştirakçılar təsərrüfatda müxtəlif sahələrin sintezini əyani gördülər, sahibkar E. Nuriyevin məsləhət və tövsiyələrini dinlədilər. E. Nuriyev, bu 16 il ərzində rastlaşdığı çətinliklərdən, həmin çətinlikləri necə aradan qaldırdığından danışdı. Təsərrüfatında hələ çox işlərin görüləcəyini, yeni planlarını və gələcəkdə görmək istədiyi fəaliyyəti də o, sahibkar qadınlarla paylaşdı. Səfərin sonunda, layihə rəhbəri Möhübbəli Nağıyev “Bio Garden” MMC-nin direktoru Etibar Nuriyevə, sahibkarlıq bacarıqlarını nəzəri təlimlərdə təkmilləşdirən xanımların təcrübə mübadiləsi üçün belə bir şəraiti yaratdığına və onları səmimi qarşıladığına görə öz təşəkkürünü bildirdi. O, həm E. Nuriyevə və həm də layihə iştirakçıları olan xanımlara gələcək fəaliyyətlərində uğurlar arzuladı.

“Balans” İMİB-nin sədri və layihə rəhbəri,  

İctimaiyyətlə Əlaqələr Departamenti.

Agentliyin dəstəyi ilə qadın sahibkarlar üçün təlimlər başa çatdı.

Azərbaycan Respublikasının Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Balans” İqtisadi Maarifləndirmə İctimai Birliyinin həyata keçirdiyi “Şəkidə qadınların sahibkarlıq bacarıqlarının təkmilləşdirilməsi” layihəsi çərçivəsində 2022-ci il Sentyabr ayının 26, 27 və 28-ndə layihənin fəaliyyət planına uyğun olaraq təşkil olunan təlimlərə yekun vuruldu. Təlimlərdə, Şəki rayonunda fəaliyyət göstərən qadın sahibkarlar, sahibkarlığa marağı olan və özünə yeni karyera qurmaq istəyən xanımlar iştirak edirdilər. Təlimlərdə “Balans” İqtisadi Maarifləndirmə İctimai Birliyinin işçi qrupu, təlimçi və ekspertlərin iştirakı ilə hazırlanmış xüsusi proqram çərçivəsində “Biznesin inkişafı”, “Satış planı”, “Maliyyə sistemi”, “Maliyyənin idarə olunması”, “Marketinq-Reklam”, “Qanunvericilik aktları” mövzularında mühazirə oxunmuş, təlimlərin ikinci hissələrində isə “Biznes Klaslar” təşkil olunmuşdur.

26.09.2022-ci il tarixində təşkil olunmuş təlimdə də “Balans” İMİB-nin sədri və layihənin rəhbəri Möhübbəli Nağıyev çıxış etdi, iştirakçıları salamladıqdan sonra, iştirakçılardan əvvəlki təlimlərdə təqdim olunmuş bilik və bacarıqlar haqqında məlumat istədi. O, bir çox təsərrüfat subyektlərində olan fəaliyyətlərlə baqlı öz təcrübələrini iştirakçılarla bölüşdü. Daha sonra, o, sözü təlimçi Adilə Məmmədovaya verdi. Təlimçi, əvvəlki təqdimatlarla bağlı iştirakçılara suallar verdi. Daha sonra, Satış planı və biznes strukturlarının inkişafı mövzusunda mühazirə etdi. Təlimdə iştirakçıları maraqlandıran çox sayda suallar cavablandırıldı və onların rastlaşdıqları çətinliklərin həlli ilə bağlı ekspertlər və təlimçi tərəfindən tövsiyələr verildi. Sahibkar xanımlar, Gülxar Məmmədova, Yaqut Sadıqlı, Gülşad Nurani İbrahimova, Ahu Abdullayeva çıxış etdilər və həyata keçirdikləri sosial biznes və sənətkarlıq sahələrində olan çətinliklərdən danışdılar. Sonra, iştirakçılar 3 qrupa ayrılaraq qrup işlərini yerinə yetirdilər. I qrupda işləyən iştirakçılara layihə rəhbəri M. Nağıyev, II qrup iştirakçılarına təlimçi A. Məmmədova və III qrup iştirakçılarına ekspert A. Əhmədova nəzarət edirdi. Daha sonra, qruplar öz biznes sahələrinin inkişaf istiqamətləri ilə bağlı planlarını təqdim etdilər. Nahar fasiləsindən sonra, layihə rəhbəri M. Nağıyev iştirakçılar üçün “Biznes klas” təqdim etdi. O, əvvəlcədən bölünmüş 3 qrupun ideyaları əsasında biznes planların yazılması qaydalarını danışdı və iştirakçılar tərəfindən verilən bir ideya ətrafında biznes plan hazırladı.

27.09.2022-ci il tarixində də, növbəti təlim təşkil olundu. Bu təlimdə layihə rəhbəri M. Nağıyev iştirakçıları salamladı. Sonra, 27.09.2022-ci il tarix, Respublikada II Qarabağ müharibəsində şəhid olmuş əsgərlərimizin ANIM GÜNÜ olduğu üçün, təlim iştirakçıları ŞƏHİD-lərin ruhunu 1 dəqiqəlik sükutla yad etdilər. İlk çıxış edən, layihə rəhbəri M. Nağıyev təlimə yeni qoşulan iştirakçılara layihə haqqında qısa məlumat verdi. Sonra sözü ekspert və iştirakçı (sahibkar xanım) Kəmalə Məmmədovaya verdi. K. Məmmədova həyata keçirdiyi fermer təsərrüfatı haqqında geniş məlumat verdi. O, qeyd etdi ki, arıçılıq təsərrüfatı ilə məşqul olan fermerlər çoxdur. Ancaq, hər birinin əldə etdikləri məhsul isə bir-birindən keyfiyyətinə və qiymətinə görə fərqlənir. Əsil sahibkar, məhsulun qiymətini onun keyfiyyətinə uyğun olaraq müəyyən etməlidir. O, qeyd etdi ki, bizim məhsulun bazarı xaricdədir. Lakin, xarici bazara çıxmaq üçün müvafiq şərait və dəstək yoxdur. “Mən təklif edirəm ki, belə maarifləndirici layihələr daha çox olsun və sahibkarlara bazara çıxış sahəsində dəstək verilsin”. Marketinqin növləri və reklam kompaniyalarının təşkili ilə bağlı təlimçinin mühazirəsindən sonra yenə iştirakçılar qruplarda işlədilər. Daha sonra, təlimin mövzuları ilə bağlı müzakirələr aparıldı. Nahar fasiləsi başa çatdıqdan sonra, növbəti “Biznes Klas” başladı. Layihə rəhbəri M. Nağıyevin təqdimatı və qadın sahibkarların iştirakı ilə “Qadın Biznes Mərkəzi” ideyası üzrə biznes plan hazırlandı.

28.09.2022-ci il tarixində növbəti və sonuncu təlim həyata keçirildi. Bu təlimi də layihə rəhbəri M. Nağıyev açdı. İştirakçıları salamladıqdan sonra, Azərbaycanda qüvvədə olan qanunvericilik aktları ilə iştirakçıları tanış etdi. O, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 556 saylı qərarını təqdim etdi və sahibkarlıq subyektlərinin meyarları haqqında geniş məlumat verdi. Təlimin mövzusu “Biznes Planların hazırlanması” olmasına baxmayaraq və təlimin sonuncu günü olduğundan, iştirakçıların istəyi ilə və layihə rəhbəri M. Nağıyevin təqdimatı ilə yeni bir ideya üzərində Biznes plan hazırlandı (Biznes Klas). Nahar fasiləsindən sonra, layihə çərçivəsində təşkil olunan təlimlər haqqında fikir bildirmək üçün bütün təlim iştirakçılarına söz verildi. Arıçılıq üzrə fermer xanımlar Kəmalə Məmmədova, Yaqut Həmidova, Qumru Məmmədova, Məhəbbət Məsimova, sənətkar xanımlar Gülşad İbrahimova, Yaqut Sadıqlı, Ahu Abdullayeva, sozial biznes sahibələri (kurs rəhbərləri) Samirə Salamova, Aysel Sadıqlı, Şəhla İslamova, fermer xanım Gülxar Məmmədova, biznes yaratmaq arzusu ilə təlimlərə qatılan və layihəyə cəlb olunan xanımlar Nurtac Allahyarova, Rəhimə Rüstəmova, Dilbər Məmmədzadə, Qönçə Allahverdiyeva çıxış etdilər. Onlar, bu layihənin həyata keçirilməsində maliyyə yardımı göstərən Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə və layihəni icra edən “Balans” İqtisadi Maarifləndirmə İctimai Birliyinin rəhbərliyi və gülərüz kollektivinə öz təşəkkürlərini bildirdilər və öz arzu və təkliflərini səsləndirdilər. Daha sonra, ekspert A. Əhmədova, təlimçi A. Məmmədova sıxış etdilər və təlimlərdə aktiv iştirak etdikləri üçün iştirakçı xanımlara öz təşəkkürlərini bildirdilər. Təlimin sonunda Birliyin sədri və layihə rəhbəri M. Nağıyev də Agentliyin rəhbərliyinə və iştirakçılara öz təşəkkürünü bildirdi və qeyd etdi ki, bütün təkliflər qeydiyyata alınıb və gələcəkdə yeni layihələrin həyata keçirilməsi üçün həm Agentliyə və həm də digər fondlara bu təkliflər təqdim olunacaq. Daha sonra, iştirakçılara sertifikatlar təqdim olundu. Beləliklə, 6 günlük silsilə təlimlərdə iştirak edən xanımlar sahibkarlıq bilik və bacarıqlarını təkmilləşdirdilər. Təlimlər interaktiv, məhsuldar və çox maraqlı keçdi.

“Balans” İMİB-nin sədri və layihə rəhbəri,  

İctimaiyyətlə Əlaqələr Departamenti.

Agentliyin dəstəyi ilə qadınlar sahibkarlıq bacarıqlarını təkmilləşdirir.

Azərbaycan Respublikasının Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Balans” İqtisadi Maarifləndirmə İctimai Birliyinin həyata keçirdiyi “Şəkidə qadınların sahibkarlıq bacarıqlarının təkmilləşdirilməsi” layihəsi çərçivəsində 2022-ci il Sentyabr ayının 19, 20 və 21-ndə layihənin fəaliyyət planına uyğun olaraq silsilə təlimlərə başlandı.

Təlimlərdə, Şəki rayonunda fəaliyyət göstərən qadın sahibkarlar, sahibkarlığa marağı olan və özünə yeni karyera qurmaq  istəyən xanımlar iştirak edirdilər. Təlimlərdə “Balans” İqtisadi Maarifləndirmə İctimai Birliyinin işçi qrupu, təlimçi və ekspertlərin iştirakı ilə hazırlanmış xüsusi proqram çərçivəsində “Biznes liderlik”, “Sahibkarlığın inkişafında komandanın effektiv rolu”, “Biznesin qeydiyyatı”, “Biznesin yaradılması və idarə olunması” mövzularında mühazirələr oxunmuş, təlimlərin ikinci hissələrində isə “Biznes Klaslar” təşkil olunmuşdur.

Təlimdə ilk olaraq “Balans” İMİB-nin sədri və layihənin rəhbəri Möhübbəli Nağıyev çıxış etdi, layihəni dəstəkləyə Agentliliyin və icra edən “Balans” İMİB-nin həyata keçirdiyi işlərdən, eləcə də, əldə olunan uğurlardan danışaraq, təlim iştirakçılarına uğurlar arzuladı. Daha sonra, o, təlim iştirakçıları ilə tanışlıq və mövzular haqqında geniş məlumatın verilməsi məqsədi ilə sözü ekspert və iştirakçı (sahibkar xanım) Zəminə Abdulhəmidovaya verdi. Z. Abdulhəmidova iştirakçılarla tanışlıqdan sonra, fəaliyyət göstərdiyi sahə, əldə etdiyi uğurlar, rastlaşdığı çətinliklər baradə məlumat verdi.

O, qeyd etdi ki, bu gün regionlarda fəaliyyət göstərən sahibkarların, əsasən də qadınların sahibkarlıq üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsinə, mövcud sahibkarlıq fəaliyyəti ilə məşğul olan xanımların təşkilati, hüquqi və iqtisadi sahədə maarifləndirilməsinə çox böyük ehtiyac vardır. Daha sonra, təlimçi və iştirakçı (sahibkar xanım) Adilə Məmmədova “Biznes liderlik” və Biznesin yaradılması və inkişafında komandanın rolu” mövzularında təqdimatlarla iştirakçılar qarşısında çıxış etdi. Nahar fasiləsindən sonra, layihə rəhbəri M. Nağıyev iştirakçılar üçün “Biznes klas” qaydasında sahibkarlıq subyektlərinin yaradılması, qeydiyyatı və inkişafı” ilə bağlı məlumat verdi. O, qeyd etdi ki, təlimdə iştirakçıların arzu və istəklərinə görə 3 qrup yaradılmışdır ki, layihənin sonuna qədər (bütün təlimlərdə) iştirakçılar eyni qruplarda  işləyəcəklər.

20.09.2022-ci il tarixində də, növbəti təlim təşkil olundu. İlk olaraq, layihə rəhbəri M. Nağıyev iştirakçıları salamladı və təlimə yeni qoşulan iştirakçılara layihə haqqında qısa məlumat verdi. Sonra sözü ekspert və iştirakçı (sahibkar xanım) Samirə Salamovaya verdi. S. Salamova həyata keçirdiyi sahibkarlıq subyektindən və gələcəkdə yaratmaq istədiyi yeni biznes ideyasından danışdı. O, qeyd etdi ki, bu təlimlərdə iştirakçılardan daha çox diqqətli və aktiv olmaq tələb olunur. Ona görə ki, sahibkarlıqla məşğul olduğunuz zaman və bu yola çıxdığınız zaman sizi gözləyən risklərə hazır olmalısınız. Daha sonra, təlimçi A. Məmmədova “Biznesin qeydiyyatı” mövzusu ilə və bu sahə ilə bağlı qanunvericilik aktları ilə  iştirakçıları məlumatlandırdı. Nahar fasiləsindən sonra, qrupların iştirakı ilə “Biznes klas” davam etdi.

21.09.2022-ci il tarixində də (təlimin 3-cü günü də) layihə üzrə nəzərdə tutulmuş “Problemlər və onların həlli yolları” mövzusunda təqdimatlar iştirakçılara təqdim olundu. Layihənin icra planında nəzərdə tutulduğu kimi, 3-cü təlim günündə də nahar fasiləsindən sonra qrup işləri və “Biznes klas” fəaliyyətini davam etdirdi.

Təlimlərdə Arıçılıq üzrə fermer xanımlar Kəmalə Məmmədova, Yaqut Həmidova, Qumru Məmmədova, Məhəbbət Məsimova, sənətkar xanımlar Gülşad İbrahimova, Yaqut Sadıqlı, Ahu Abdullayeva, sozial biznes sahibələri (kurs rəhbərləri) Aysel Sadıqlı, Şəhla İslamova, Aytac Əhmədova, biznes yaratmaq arzusu ilə təlimlərə qatılan və layihəyə cəlb olunan xanımlar Nurtac Allahyarova, Rəhimə Rüstəmova, Dilbər Məmmədzadə,  və digər xanım iştirakçılar öz qruplarında daha çox aktiv çalışırdılar. Hər təlim gününün sonunda həm layihə rəhbəri, həm də təlimçi və ekspertlər iştirakçıları maraqlandıran sualları cavablandırdılar, iştirakçılara öz tövsiyələrini və məsləhətlərini verdilər. Hər günün sonunda təlimlərin qiymətləndirilməsi aparıldı və iştirakçılar tərəfindən səsləndirilən təkliflər layihə rəhbəri tərəfindən qeydiyyata alındı. Təlimlərdə müzakirə və qrup işlərinə daha çox vaxt ayrılmışdı. 6 saata yaxın davam edən ilk 3 günlük təlimlər həm maraqlı, həm məhsuldar və həm də interaktiv keçdi.

“Balans” İMİB-nin sədri və layihə rəhbəri,

İctimaiyyətlə Əlaqələr Departamenti.